GameWin

«RENTGEN-QADIN» ZƏRİFƏ XANIMIN MÖCÜZƏLƏRİ…
«RENTGEN-QADIN» ZƏRİFƏ XANIMIN MÖCÜZƏLƏRİ…
hörmətli oxucular, qəzetimizin ötən sayında ilahi vergili «rentgen-qadın» Zərifə xanım haqqında sizlərə bir qədər məlumat vermişdik. Bu vaxta qədər şəfa tapan insanları heyrətə gətirən Zərifə xanımın həyatından qismən də olsa maraqlı faktları nəzərinizə çatdırdıq. Bununla bağlı  oxucuların çoxsaylı telefon zənglərini və Zərifə xanımla görüşmək istəyənlərin xahişini nəzərə alıb bir daha ətraflı yazı verməyi qərara aldıq.
Zərifə xanımla hər dəfə görüşəndə ondan ayrılmaq istəmirəm. Həsrətlə tamaşa edirəm, düşünürəm, onun möcüzələrinə inamım isə birə beş artır. Mənə onun bütün hərəkətləri, danışığı, gülüşü, məlahətli səsi, mənalı baxışları, uca boyu ecazkar görünür. Bütün insanlarla və şəfa bəxş etdiyi hər bir kəslə mehriban davranan Zərifə xanımın bütün varlığı dərmansız dərdlərin dərmanıdır. Bütün bacarığı, qabiliyyəti, nadir insanlığı ilə təkdir, əvəzsizdir Zərifə xanım.
Qeyd etdiyimiz kimi ilahinin nuru, şəfəqi, işıqlı aləmi hələ körpəlikdən onun həyatına parlaq və əbədi işıq salmışdır. Xanımın ulu kökünə, böyüyüb boya-başa çatdığı nəslin keçmişinə bir neçə əsr daxil olmaqla nəzər salanda, asanlıqla sezilir ki, tarixən bu ocaq Allahın qüdrətli, möcüzəli bir ocağı olmuşdur. Bu nəsildən ara-sıra ilahinin daha yaxından nəzər saldığı qeyri-adi insanlar olmuşdur. Belə insanlardan bir neçəsinin adlarını çəkmək olar: Ağa Seyid Rəsul, İbn-Seyid Əli, İbn-Seyid Məhəmməd, Məşədi Seyid Ağamir, Seyid Abbas Seyid Ağamir oğlu, Seyid Miskin Seyid Abbas oğlu, Seyid Əbdül Seyid Həmid oğlu və b.
Zərifə xanımın anası Seyid Bilqeyis xanımın söylədiklərindən: «Yadımdadır, Zərifə 8-10 yaşında olanda gecələr yuxulu-yuxulu durub evimizin ikinci mərtəbəsinə çıxardı. Çox vaxt mən həmin anlarda ayılıb onu izləyərdim. O, yuxulu vəziyyətdə gəzərkən çox sərbəst, büdrəmədən, heç bir yerə toxunmadan rahat gəzərdi. Evimizin ikinci mərtəbəsinə qalxardı, mən isə danışmadan onun qolundan tutub yatağına qaytarardım. Bir dəfə də qızım belə gəzdiyi vaxt mən babalarımı yada saldım. İlahi mənə elə bir qüvvə verdi ki, ondan müəyyən cavablar ala bildim. Zərifədən soruşdum ki, «Bala, hara gedirsən?» Heç fikirləşmədən cavab verdi, «Ana, məni qırmızısaqqal, nurani bir qoca kişi aparır». Həmin qoca sənə nə deyir, səni nə üçün və hara aparır? – deyərək onu dilə tutdum (deyilənə görə mənim babam Məşədi Ağamir də qırmızısaqqal, nurani bir şəxsiyyət olub). «Ana, mənə deyir ki, gəl səni aparım Qara Qayanın altında bir kisə qızıl var, onun yerini sənə göstərim».
Biz hamımız uşağın söylədiyi bu sözlərə fikir vermədik. Təxminən 7-10 gün çəkmədi ki, Qara Qayanın altından bir küpə qızılı qazıb çıxartdılar.
Zərifə xanım hələ çox körpə olarkən qeyri-adi olubdur. O, hələ 2-3-cü sinifdə oxuyarkən hiss edib ki, oxumağa marağı yoxdur. Lakin lazım gəldikdə müəllimi heyrətə gətirib, dərslərinə düzgün cavab verirmiş. Müəllimlərini mat qoyan bu uşağa deyərlərmiş ki, kim sənə dərsləri belə səlis öyrənməkdə kömək edir? Bu uşaq isə belə cavab verərmiş: «Müəllim, mən heç dərsimi bir dəfə də öyrənməmişəm. Ancaq oxumasam da ürəyimə gəldi, danışdım». İnandırıcı olmasa da həqiqət belə olub.
Zərifə xasiyyətcə çox inadkar , sözün düzünü birbaşa söyləyən olub. Kim ondan küssə, tezliklə onun könlünü oxşayıb, onunla barışarmış. Zərifə xanım uşaqlıqdan həssas, qayğıkeş olmaqla yanaşı, həm də çox keşməkeşli həyat yolu keçmişdir. O, həmişə şəxsiyyətlərə məxsus olan böyük bir qayğıkeşliklə ailə büdcəsinə yaxından kömək etməyə çalışarmış. Həmin illərdə özlərinə məxsus geniş arıçılıq təsərrüfatına malik olublar. Elə vaxtlar olub ki, 2-3 adamın günlərlə görməli olduğu işləri Zərifə xanım bir neçə saat ərzində həyata keçirərmiş.
Xanımın yaşadığı ərazidə böyükdən tutmuş kiçi-yədək hamı ona itaət edərmiş. Nə qədər ağır, çətin işlər olsa da, xanım həmin işlərin öhdəsindən gələrmiş. Heç kəsi eşitməyən küsülüləri barışdırarmış. Baş verəcək hadisələr haqqında əvvəlcədən məlumat söyləyərmiş. Xanımın təbiətlə sıx bağlılığı olubdur, gül-çiçəyi çox sevib və indi də sevir. Bağlarında bənzərsiz güllər və meyvə ağacları olub.
Bağda bir albalı ağacında müəyyən qədər albalı var imiş. Həyətə xeyli qonaq gəlib. Xanım albalıdan yığıb bütün gələnləri qonaq edib. Qonaqlar albalıdan bolluca yesələr də, bu kiçik albalı ağacından meyvə qurtarmayıb. Bu möcüzə isə hamını heyrətə salıb. 
Mən XX əsrin sonu, XXI əsrin əvvəllərində xalqımızın bəxtinə Tanrı tərəfindən nur, nicat payı, xalqın xoşbəxtliyi kimi göndərilən Zərifə xanımın möcüzələrinə onu tanıyanlar, sevənlər, görüşmək istəyənlər kimi həsəd aparıram, onu şəfa elçisi sanıram.
Zərifə xanım İlahinin ona qismət etdiyi qüdrəti, gücü, şəfa payını ulu Tanrıdan başlanğıcı qədimdən-qədimə gedən ulu seyid nəslindən götürür. Müqəddəs babalarının sınanmış ocağından isə hər an qüvvət alır.
Mən hər dəfə onunla görüşəndə, möcüzələrinin şahidi olanda, növbəsini gözləyən insanlarla söhbət edəndə düşünürəm ki, vaxtın axarının dəyişdiyi, insanların bir-birinə inamını itirdiyi, əsəblərin tarıma çəkildiyi bir vaxtda Allahımız onu bizə bir təsəlli, təskinlik  üçün bəxş edib. Onunla söhbət edəndə sanki başqa bir vaxt, zaman mərhələsinə düşürsən. Bundan sonra isə ruhuna qəribə bir rahatlıq çökür elə bil. Bizlər isə bütün bu möcüzələr qarşısında acizik.
Zərifə xanım tibb sahəsində təsəvvüredilməz biliyə malik bir şəxsiyyətdir. Heç bir tibbi cihazlardan istifadə etmədən onun zərgər gözünün fəaliyyəti qaranlıq şəraitdə şölə saçaraq insan daxilini görərək diaqnozunu təyin edir.
Zərifə xanımın qeyri-adi vergisi ilə ağır dərəcəli yanıqlardan sonra başa tük gəlməsi, dərinin bərpa olunması, sınmış sümüyün bitişməsi də mövcuddur.
Zərifə xanım bütün xəstəlikləri müalicə edir. Özü diaqnoz qoyur, heç bir apparturaya ehtiyacı olmadan müalicəsini də özü edir.
İnsanlara ümid bəxş edən, çətin anlarımızda dayağımız olan, əzizlərimizə, övladlarımıza, nəvələrimizə,bir sözlə, bütün xəstələrə şəfa, sevinc bəxş edən İlahi qüvvə sahibi Zərifə xanım qeyri-adi qüdrətə, qüvvəyə, gücə, möcüzəyə malikdir. O, loğmanlar loğmanı və xeyirxah bir insandır. Allah Zərifə xanımdan heç nəyi əsirgəməyib. Onu dünyaya tanıda biləcək ecazkar qüvvə sahibi etmişdir. O, xalqımızın sağlamlığı keşiyində duran bir Allah bəndəsidir.
Zərifə xanım təmənnasız olaraq bütün millətin sağlamlığı keşiyində durur.
Qoy Yaradanımız da onun qeyri-adi qüvvəsini qoru- yub, sağlamlığı keşiyində dayansın!

«Mir jenşinı»-»Qadın dünyası»
qəzeti № 20.IX-4.X. 2002-ci il
Yazan: admin Baxış: 938 Kateqoriya: Dövrimətbuatda Şərh: 0
Şərhlər: 0