GameWin

İdris Kəlbəcərli - "Min mənalı hekayətdi Zərifə" şeiri
Min mənalı hekayətdi Zərifə
İnsan üzərində möcüzələr yaradan Zərifə xanıma ithaf edirəm.

Yarəb, sənin dərgahına min şükür,
Qayıbdan dörd ünsür gətirdin cana.
Adəmi, Həvvanı sakin eylədin,
Dünyanı bəxş etdin insan oğluna.

Yüz iyirmi dörd min Nəbi yaratdın.
Əvvəl Adəm ata, sonu Məhəmməd.
Qurani Kərimlə, dini islamla,
Fəth eylədi bu dünyanı Məhəmməd.

Övladı Məhəmməd-Fatimeyi Zəhra,
On bir imamların anasıydı o.
Xanımlar xanımı Nur-paki xilqət,
Mərhəmət, mürüvvət oynağıydı o.

Əcdadı pir seyyid, onun fəhmindən,
Zərifə xanımın qəlbinə keçib.
Fatimə içdiyi Abu-Zəmzəmdən,
Yuxudan bir cam da Zərifə içib.

Dünyaya göz açıb cənnət diyarda,
Kəlbəcərdə ağır ellər içində.
Gül gülü çağırır, çiçək çiçəyi
Bir nadir gül bitib güllər içində.
 
Süsənbər səfalı, ənbər havalı,
Müqəddəs ocaqda ərsəyə çatıb.
Qüdrətin hökmüylə loğman məqamə,
Belə bir sehirli kürsüyə çatıb.

Peyğəmbər əcdadı Seyid Miskinin,
Xalqa çatan bir tağıdı Zərifə.
İlahinin pak müqəddəs vergili,
Möcüzələr ocağıdı Zərifə.

Yaradanın peşkəşidi gözləri,
İnsan daxilini arayır seçir.
Bir dəfə zənn ilə diqqət edincə,
Nəzəri örtülü pərdədən keçir.

Toxunduqca cana gəlir cansızlar,
Məlhəm vardır möcüzəli əlində.
Danışığı qəflət, sözləri şirin,
Məlahət var, nəzakət var dilində.

Hüzuruna şikəst körpələr gəlir,
Yalvarış nəzərlə baxırlar ona.
Xəstə gəlib, sağlam qayıdanların,
Hamı heyran qalır haqq olduğuna.

Sonsuz ailələr murada çatır,
Zərifə xanımın möcüzəsilə.
Körpələr bəxş edir, körpəsizlərə,
Cənabi həzrətin icazəsilə.

Bəxş edib xalqıma Sahibi-Qüdrət,
Bir ləyaqət əyanətdən Zərifə.
Bilinməz hikmətdi ondakı vergi,
Qənimətdi, fəzilətdi Zərifə.

Yayılar sorağı düşər dillərə,
Şirin nağıl, xoş söhbətdi Zərifə.
Üzər dəryaları, aşar dağlardı,
Min mənalı hekayətdi Zərifə.

Başında qara şal, üzündə rübənd,
Gözəl qamətinə yaraşıq verir.
Miyanə baxışı, sərraf gözləri,
Sanki bulud altdan ay işıq verir.

Dərdini deməmiş fəhmlə bilir,
Hər açılmaz sirrin sirdaşıdı o.
"Min bir gecə”lərin xəzinəsinin,
Qiyməti olmayan bir daşıdı o.

Belə bir xilqəti təsvir etməyə,
İdrisin qələmi acizdi vallah.
Bu sirlər xəznəsin, el şəfakarın,
Yar olsun, salamat saxlasın Allah!

Idris Kəlbəcərli
Yazan: admin Baxış: 680 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0