GameWin

Mirzəli Hüseynzadə - "GÖZ OLMASAYDI" şeiri
GÖZ OLMASAYDI
Gözlərilə möcüzə yaradan «Rentgen-qadın» Zərifə xanıma

Deyin, yerdə sirri, göydə hikməti,
Ürək duyardımı,göz olmasaydı?
Gözəli, göyçəyi, hüsnü, zinəti,
Ürək duyardımı göz olmasaydı?

Sonalı gölləri, incə gülləri,
Laləli çölləri, həzin yelləri.
Qulac hörükləri, cığa telləri,
Ürək duyardımı göz olmasaydı?

Bir əyri cığırı,bir uca dağı,
Bir güllü bağçanı, bir yaşıl bağı.
Göyü, qırmızını, qaranı, ağı,
Ürək duyardımı göz olmasaydı?

Səmanı , Günəşi, Ayı, ulduzu,
Qaranlıq gecəni, aydın gündüzü,
Bir qəmli baxışı, bir gülər üzü,
Ürək duyardımı göz olmasaydı?

Şimşəkli payızı, nazlı baharı,
Vüqarlı palıdı, boylu çinarı,
Güneydə çiçəyi, quzeydə qarı,
Ürək duyardımı göz olmasaydı?

Dağların başında bəyaz dumanı,
Dənizin üzündə coşan tufanı,
Kiprikdən yanağa düşən damlanı,
Ürək duyardımı göz olmasaydı?

Yananda üfüqün qızıl baxışı,
Yağanda dünyaya çiçək yağışı,
Düşəndə çöllərə qarın naxışı,
Ürək duyardımı göz olmasaydı?

Ceyranlı düzləri,göy yaylaqları,
Yaşıl oylaqları, buz bulaqları,
Güləndə qızların gül yanaqları,
Ürək duyardımı göz olmasaydı?

Bihuş eləyibdi bağçada gülü,
Budaqda yarpağı, qönçədə gülü,
Bülbül sehrlənib açanda gülü,
Ürək duyardımı göz olmasaydı?

Günəşin zər kimi saçaqlarını,
Sıldırım qayanın şiş uclarını,
Anamın gümüşü, ağ saçlarını,
Ürək duyardımı göz olmasaydı?

Yanğıdan «Kərəmi» çalan bi r sazı,
Dünyanı gül ilə bəzəyən yazı,
Bir xoş təbəssümü, gülüşü, nazı,
Ürək duyardımı göz olmasaydı?

Axır Tərtər çayı layla çalaraq,
O yan Çənlibeldi, bu yan Murovdağ,
Sinəsi al-əlvan, zirvəsi dümağ,
Ürək duyardımı göz olmasaydı?

Olum bu torpağın qurbanı, qulu,
Kəlbəcər əzəldi, uludu, ulu,
Göyləri dolanır dağların yolu,
Ürək duyardımı göz olmasaydı?

Doğulub Zərifə bu doğma eldə,
Şirindi, əzizdi neçə könüldə,
Əbədi son qoyur, qüssəyə,dərdə,
Ürək duyardımı göz olmasaydı?

Allahdı sözünün əvvəli, sonu,
Günəşə bürünüb o qara donu,
Nə gözəl yaradıb Yaradan onu,
Ürək duyardımı göz olmasaydı?

Əlləri yox edir can ağrısını,
Məlhəmi söndürür qəm yanğısını,
Qəlbində görürəm Göy Tanrısını,
Ürək duyardımı göz olmasaydı?

Gözüylə qaranlıq boyanır nura,
Səsilə ağrılar çəkilir dara,
Sözüylə ovunur, sağalır yara,
Ürək duyardımı göz olmasaydı?

Çarəsi olmayan illər uzunu,
Dərdlərin əriyib, qırıb buzunu,
Nəfəsit göyərdib solan arzunu,
Ürək duyardımı göz olmasaydı?

Tanrı göndəribdi səni cahana,
İşıq paylayırsan hey yana-yana,
Qürbətdən gəlməzdin Azərbaycana,
Sinəndə o ürək, köz olmasaydı?

Mirzəli Hüseynzadə
Yazan: admin Baxış: 842 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0