GameWin

Həbibə Əhmədzadə - "ZƏRİFƏ XANIM" şeiri
ZƏRİFƏ XANIM
Bacımın dərdini gətirdim sənə,
Dərdimə çarə qıl, Zərifə xanım!
Göydəmi Allaha, yerdəmi sənə,
Pənah kətirmişəm, Zərifə xanım!

Sənin əməllərin böyük möcüzə,
Möcüzəni göstər, əzizim, bizə.
Bir şer mən yazım, bağlayım sənə,
Şerimi sən dinlə, Zərifə xanım!

Allah səni bizə loğman veribdir,
Dərdimiz var deyə dərman veribdir.
Ağır yaramıza məlhəm veribdir,
Məlhəm diləyirəm, Zərifə xanım!

Ürəyim bu qədər dərdə dözməyir,
Bu ağır qəm yükün ata bilməyir.
Üzür qəm gölündə, bata bilməyir,
Kaş göldə bataydım, Zərifə xanım!

Mənim bu elimin qızıl tacısan,
Bacımın dərdinin sən əlacısan.
Sən ana yurdumun ehtiyacısan,
Bacılar bacısı, Zərifə xanım!

Qulaq as qəlbimin döyüntüsünə,
Gör nələr söyləyir qəlbimin səsi.
Mənim tək oxunur qəm təranəsi,
Gör nə istəyirəm, Zərifə xanım!

Yaradan könlümə gör nələr salıb,
Göylərə əllərim uzana qalıb.
Allahdan istərəm bir ömür alıb,
Ömrü bacıma qat, Zərifə xanım!

Bu yollar hayana aparır məni,
Bacıma həyana aparır məni.
Bu hay-küydən yollar qoparır məni,
Bir də qəm çəkmərəm, Zərifə xanım!

Həbibə deyir, Allah, bu nədir belə?
Vurma sən sinəmə yaralar yenə.
Qoşa qardaşımı apardı belə,
Qıymasın bacıma, Zərifə xanım!

Həbibə Əhmədzadə
Yazan: admin Baxış: 579 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0