GameWin

Yaşar Bəşir oğlu Hüseynov

KMƏTLİ VƏ QÜDRƏTLİ ALİM SÖZÜ

 

 İnsan müəyyən zamanda və məkanda dünyaya gəlir ki, bu da onun qismətidir. O öz taleyi ilə barışmalı və mühitə uyğunlaşmalı, ya da mühiti dəyişdirmək kimi çətin bir yola qədəm qoymalıdır ki, bu yol da ancaq daxildən gələn nurla aydınlaşa bilər. Etiraf edək ki, ən incə mətləbləri insan məntiqlə, təhlillə, mühakimə ilə deyil, “ürəyə dammaqla”, qəlbin işıqlanması, ruhun oyanışı ilə dərk edir. Bu zaman gerçəklik öz-özünə işıqlanır. Bu işıqlanma isə yalnız İlahi eşq sayəsində mümkün olur

  Özünü dərk etmək, həyatını İlahinin göstərişilə müəyyən meyarlara uyğun şəkildə qurmaq heç də bütün insanlara qismət olmur. Neçə-neçə insan bu dünyada həyat sürüb, başqaları ilə ünsiyyətdə olub və sakitcə də dünyadan köçüb. Ancaq Allah-Təala tərəfindən “seçilmişlər”, fenomenlər istisna olunmaqla.

Ömrə qənim kəsilmiş xəstəliklər haqqında saniyələr ərzində dəqiq diaqnoz qoymaq, müayinə və müalicə etmək adi insan tərəfindən dərk edilmədikdə, ağlasığmaz sayılır. Yəqin ki, ömrünün 40 ilini insanları düçar olduqları xəstəliklərdən xilas edən rentgen Zərifə xanım Mayılova belə anlaşılmazlıqlar nəticəsində bu gün hələ də layiq olduğu qiyməti almayıb.  

   Müasir dövrdə bəşəriyyətin əldə etdiyi ictimai təcrübə və yüksəldiyi intellektual səviyyədən fenomen xanımın mənəvi dəyərlər sisteminə yenidən baxılmasına, onun xəstə insanların həyatında rolunun layiqincə dəyərləndirilməsinə böyük ehtiyac vardır. Alimlərimiz tədqiqat apararaq, xanımın bu dünyaya nə kimi bir missiya ilə gəldiyini aydınlaşdırmalıdırlar. Bu şəfa mələyinin olduqca şərəfli missiyasını dünyaya tanıtmaq üçün dəyərli, hikmətli və qüdrətli alim sözünə ehtiyac vardır.

   Eyni zamanda, Nobel mükafatına təqdim olunmağa layiq olan Zərifə Mayılovanın insanlara göstərdiyi təmənnasız qayğısı, xeyirxah əməlləri, sağalmaz xəstəlikləri şəfalı əlləri, nurlu gözləri ilə müalicə etməsi dövlət səviyyəsində qiymətləndirilməklə, bacarığı haqqında tədqiqatlar aparılmalı, elmi əsərlər yazılmalı, sənədli filmlər çəkilməlidir. 

Zərifə xanımı uzun müddət tanıyan alim kimi, bunları deməyə haqqım var. Belə ki, xanımla ilk tanışlığım 1993-cü ilə təsadüf edir.  Soltərəfli beyin-qan dövranının pozulması ilə əlaqədar üç dəfə Moskva nevroloji İnstitutunda stasionar qaydada aylarla müayinə və müalicə olunmuşdum. Ancaq xəstəliyim sağalmırdı.               

Zərifə xanımın istedadlı təbib olduğunu eşidib, onun qəbuluna getdim. О zaman Zərifə xanım Gəncə şəhərində yaşayırdı. Оna xəstəliyim haqqında məlumat vermək istədikdə xanım dedi ki, sizə baxandan sonra özüm hər şeyi deyəcəyəm. Elə də oldu. O, rentgen gözləri ilə qaranlıq otaqda müayinə etməklə, kompüter tomoqrafiyası ilə müəyyən edilmiş diaqnozu bir daha mənə bəyan etdi. Bu məndə təəccüb doğursa da danılmaz həqiqət idi. Zərifə xanımın müalicəsindən sonra özümü tam sağlam hiss etdim. Artıq illərlə mənə əziyyət verən xəstəliyim tamamilə sağalmışdı. Moskvada həkimlərdən müalicələr almış, hətta ekstrasenslərə də müraciət etmişdim, ancaq heç bir nəticəsi olmamışdı. Bütün bunlar belə bir qənaətə gəlməyimə imkan verir ki, Zərifə xanımın bədənindəki biotoklar daha çox sürətlə cərəyan edir, ona görə də xəstələrlə müalicəvi ünsiyyət əks tərəfə verilən enerjini sürətlə cərəyan etdirməklə, müvafiq xəstə orqanın fəaliyyətini gücləndirir və beləliklə, enerji qəbul etmiş orqan öz fəaliyyətini bərpa edərək, digər orqanlarla tarazlaşmış halda fəaliyyətini davam etdirir. Həkim olmasam da, belə qənaətə gəlməyimə, Zərifə xanım tərəfindən müalicə olunmuş ailə üzvlərim və qohumlarımın söhbətləri, qovuşduqları sağlamlıqları əsas verir. 

Eyni zamanda, Zərifə xanımın görmə və düzgün diaqnoz qoymaq qabiliyyətini enerji qüvvəsinin güclü olması ilə əlaqələndirirəm. Çünki bu enerji güclü şüa buraxa bilər ki, o da xəstə orqanizmi şüalandırmaqla, ona müdaxilə edərək, xəstə orqanın dərdini müəyyən edir. Şübhəsiz ki, bütün bunlar böyük bir İlahi sirdir. 

Zərifə xanımın mövcud potensial görmə və müalicə etmə qabiliyyəti xüsusi əhəmiyyət kəsb edən elmi-tədqiqat obyektidir. Onun dəqiq diaqnozları, müalicə etdiyi xəstəliklərin biotokların təsirinə tabe olması və ona müvafiq olaraq müalicə edilməsi məsələləri ayrı-ayrı xəstəliklər üzrə tədqiq olunmalı, dissertasiyalar və monoqrafiyalar yazılmalıdır.

Zərifə xanımın görmə və müalicə etmə qabiliyyəti nəinki respublika, eyni zamanda bəşəri əhəmiyyət kəsb etdiyi üçün tədqiq edilməsi zəruridir.

Bəzi insanlar belə fenomenləri inkar edir, tanımır və hətta qabiliyyətlərinin olmadığını iddia edirlər. Halbuki belə yanaşma düzgün deyildir. 

Həyatda hər bir şey insan üçün yaradıldığı üçün ona müvafiq olaraq qiymətləndirilir və istifadə edilir. Zərifə xanımın fəaliyyəti hələ öz layiqli qiymətini almayıbdır. Respublikamızda və bir sıra xarici dövlətlərdə fəaliyyət göstərən təşkilatlar onun qabiliyyətini dəyərləndirərək qəbul etmiş və xanımı müvafiq diplomlarla təltif etmişlər. 

Bir alim kimi qeyd edirəm ki, ilk öncə Zərifə xanımın qabiliyyətinə müvafiq sertifikat verilməlidir. Buna müvafiq olaraq, Rusiyada yaradılmış Cuna Akademiyasının təcrübəsinə istinad edərək Zərifə xanım Akademiyası yaradılaraq, elmi obyekt kimi xanımın öyrənilməmiş və sirr olaraq qalan müalicə qabiliyyəti öyrənilməklə, tədqiqat işləri aparılmalıdır.

Bir iqtisadçı alim kimi onu da bildirmək istəyirəm ki, xanımın müayinə və müalicəsi dəqiqliyi ilə bərabər, olduqca səmərəlidir. Bu nöqteyi-nəzərdən xalqa xidmət məqsədilə Zərifə xanıma müəyyən şərait yaratmaq, onun işini düzgün təşkil etmək zəruriyyət kəsb etməklə, bu günün tələbidir.

 Bu təkliflərimin əsası vardır. Belə ki, mən Zərifə xanımı 20 ildir ki, tanıyıram. O mənim, həyat yoldaşımın və qohumlarımızın ağır xəstəliklərini müalicə etmişdir. 

Avqust ayında qəflətən xəstələndim. Boğazımdan sanki alov çıxırdı. Üşütmə, titrətmə məni əldən salır, günbəgün zəifləyərək əmək qabiliyyətimi belə itirirdim. Tanınmış həkimlərə müraciət etməklə, rentgendən keçib, dəfələrlə analizlər versəm də cavablar normal çıxaraq, həkimləri çaş-baş salmışdı. Bu səbəbdən də düzgün diaqnoz qoymaq mümkün olmurdu. Xəstəliyin təsirindən yaddaşım zəifləyirdi.  

 Nəticəsiz müayinə və müalicədən sonra Zərifə xanımı yada salaraq, ona müraciət etdim. Zərifə xanım saniyələr ərzində qaranlıq otaqda baxmaqla düzgün diaqnoz qoydu: sağ böyrəyin zəif işləməsi nəticəsində yaranan gizli azot qanı zəhərləyir. Beləliklə, proses gizli getdiyi üçün həkimlər xəstəliyin səbəbini tapa bilməyiblər. 

 Gördüyümüz kimi Zərifə xanım rentgen və “USM” aparatlarından fərqli olaraq orqanizmdə gedən gizli prosesləri də müəyyən edir. Zərifə xanımın şəfalı 3 seans müalicəsindən sonra artıq tamamilə sağalmışam.

Beləliklə, bu qeyri-adi qabiliyyəti ilə minlərlə insanlardan biri olaraq, məni də sağlamlığıma qovuşduran Zərifə xanıma dərin minnətdarlığımı bildirir, ona cağ sağlığı, uzun ömür arzulayıram. 

Zərifə xanımın şəfalı əlləri, nurlu gözləri ilə xəstəliklərdən azad olan insanların İlahiyə, Zərifə xanıma səmayadək ucalan minnətdarlıq, alqış səsləri ilə yanaşı, səmadan gələn səslər də var. Səmadan gələn Haqq səsini də istedadlı insanlarla yanaşı alimlər, uzun illərin təcrübəsini qazanmış görkəmli həkimlər də eşidə bilərlər. 

Alimlərimizi Zərifə xanımla görüşə dəvət edərək deyirəm ki, onu tanımaq, seanslarında iştirak etməklə, İlahinin Azərbaycan xalqına bəxş etdiyi Şəfa mələyinin dünyada analoqu olmayan qeyri-adi rentgen qabiliyyətinin şahidi olacaqsınız.

 

Yaşar Bəşir oğlu Hüseynov,

                                                                 Azərbaycan Dövlət İqtisad

                                                            Universitetinin dosenti

                                                                                 05.12.2013

Yazan: admin Baxış: 408 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0