GameWin

Böyükağa Savalanoğlu - "NURDAN NUR TÖRƏNƏR" şeiri
NURDAN NUR TÖRƏNƏR
Parladın ulduz tək xoş bir məqamda,
Elinə ərməğan, xalqa yaranış.
İlahi hikmətin bağışlayanda,
Sənin nə bolluca qismətin varmış.

O qismət payını yaradan özü,
Sənə bəxş eləmiş sən olmayanda.
Belə möcüzəni, müqəddəsliyi,
Aradım, axtardım mən bu dünyada.

Sənin dəyanətin imam qayəsi,
Bu qayən kökündən ləkəsiz, büllur.
Onunçun Allahın nurlu haləsi,
Səni cilalamış, vermişdir qürur.

Sənin möcüzəndir ucaldan səni,
Bu fitrət, bu hikmət ilahidəndir.
Heç kim ala bilməz Allah verəni,
Çünki o qanınla birgə gələndir.

Nurdan nur törənər, müdriklər sözü,
Sənin xislətində bu bir həqiqət.
Nuru bəxş eləyən İlahi özü,
Bütün tarazlığa vermişdir diqqət.

Sirli aləmindən söhbət açmışam,
Məsəl var: «Aşıqlar gördüyün deyər».
İnan ki, özümlə barışmamışam,
Çünki yazmamışam olduğun qədər.

Böyükağa Savalanoğlu
Yazan: admin Baxış: 740 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0