GameWin

Həbibə Əhmədzadə - "XALİQİN OLSUN" şeiri
XALİQİN OLSUN
Sənin mən şerini necə yazım ki,
O sözlər, Zərifə, layiqin olsun.
Könüllərə səni necə düzüm ki,
Mənim tək dünyamda aşiqin olsun.

Hər zaman Allahdan nicat istədim,
Aciz qələmimə qüvvət istədim.
O gül camalından surət istədim,
Yanılmasın könlüm sadiqin olsun.

Əziz Vətənimin ey əziz qızı,
Gəldin sən cahana bir dan ulduzu.
Ölürəm çarə et, ey Seyid qızı,
Şair könlüm sənin aşiqin olsun.

Zərifə, elə bil nurlu cənnətdin,
Seyid-peyğəmbərin bağında bitdin.
Sən bir mələk idin, təcəlli etdin,
Röyamda gördüm ki, tarixin olsun.

Heyranın olaydım hər ehtiramla,
Səni hər kəs anır gözəl bir anla.
Olaydıq bənzərin kaş bircədamla,
İstərəm hər könül saflığın olsun.

Könlümə, Zərifə, sən həmdəm olsan,
Yaralı qəlbimə məlhəm bağlasan,
Əbədi köksümdə bil ki,qalarsan,
Deyərəm bu könlün tarixin olsun.

Həzrəti Zeynəb tək dilimdə qaldın,
Qələmə çevrilib əlimdə qaldın.
Şerimə bənzəyib köksümdə qaldın,
Söylədim qoy dünyam şahidim olsun.

Sənin baxışların bir dünya idi,
Səni görmək mənə bir röya idi.
Hüsnündə sayrışan bir şölə idi,
Sayrışan ulduzlar aşiqin olsun.

Düşündüm zamanın cürəti ilə,
Niyə qovuşmuruq ülfəti ilə?!
Zərifə, əllərin qüvvəti ilə,
Yaralı qəlbində saflığın olsun.

Onsuz da könlümün yarası çoxdur,
Saymaq istəyirəm, qədəri yoxdur.
Ürəyim hey sancır, yaman soyuqdur.
Yaralı ürəyim aşiqin olsun.

Zərifə, bir yardım eylə qəlbimə,
Yaram köz eyləyib, sən de elimə.
De, necə götürüm qələm əlimə,
Hələ bu könlüm də şahidim olsun.

Yaradan könlümə gör nələr salıb,
Əlimdə qələmim xəyala dalıb.
Gözəl ellərimiz kimlərə qalıb?!
Fikirli qələmim sadiqin olsun.

Zərifə, yurdumun qızıl tacısan,
Didərgin elimin ehtiyacısan.
Yaralı qəlbimin son əlacısan,
De, bu könlüm necə aşiqin olsun.

Yaşarsan bir ömür öz adın ilə,
Fəxr et sən şəfalı əllərin ilə.
Uçarsan səmada qanadın ilə,
Səmada ulduzlar şahidin olsun.

Yurdun ocağında oda dönübsən,
Uğrunda alova büryan olubsan.
Vətən övladı tək sən od alıbsan,
Ruhun da o uca xaliqin olsun.

Bir gün mehman oldum mən o xanıma,
Şerlər də qoşdum gül camalına.
Dedim, əlac eylə xəstə canıma,
Xəstə canım sənin aşiqin olsun.

İndi o xanıma qovuşmaq üçün,
Şəklini köksümə mən bükmək üçün,
Nurlu nəfəsindən mən udmaq üçün,
Dedim qoy xanım da şahidim olsun.

Zərifə, şerini elə yazım ki,
Bu dünya aləmi aşiqin olsun.
Yolunda heyranın özüm olum ki,
Bəlkə bu məhəbbət layiqin olsun.

Başına qoyardım qızıldan tacı,
Sənsən Həbibənin hər ehtiyacı.
Nə zaman xəstəyəm, dəhanım acı.
Mənim xəstə canım aşiqin olsun.

Həbibə Əhmədzadə
Yazan: admin Baxış: 871 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0