» » » Həbibə Əhmədzadə - "İSTƏYİRƏM" şeiri

Həbibə Əhmədzadə - "İSTƏYİRƏM" şeiri

Категория: Azerbaycan / Şerlər
İSTƏYİRƏM
Bu dünyadan heç nə istəmirəm mən,
Könlümü ovudan dil istəyirəm.
Zərifə könlünün səxavətindən,
O şirin dilindən söz istəyirəm!

Mən onu görəndən mail olmuşam,
Vallah, onun üçün sail olmuşam.
Gözdəki qüvvəyə qail olmuşam,
Mehriban baxışdan göz istəyirəm!

Hər şerin, qəzəlin qafiyəsi var,
Sənin sənətinin möcüzəsi var.
Zərifə, əlinin öz şəfası var,
Şəfalı əllərdən əl istəmişəm!

Mən heç doymamışam gül, büsatından,
Mənə ilham verən iftixarından.
Zərifə, el qızı kainatından, 
Elindən yağını yox istəmişəm!

Odlar diyarıdır sənin diyarın,
İstərəm od alım, var ixtiyarım.
Atəşə həsrəti qalmasın yarın,
Könlümdə sönməyən köz istəyirəm!

Sənət meydanında yollar keçmisən,
Çox yerlər dolanıb, sellər keçmisən.
Ömür dolayların sərbəst keçmisən,
Dolanıb gəzməyə yer istəyirəm!

Sən gedən yerlərin öz səfası var,
O yerin həm zövqü, həm cəfası var.
Zərifə, sinəndə Vətən dərdi var,
O dərdi sinəndən yox istəyirəm!

Nə ola qəlbim də gülə hər zaman,
Ürəyimin odun apara kaman.
Çəməndə bülbülü mən gözləyirəm,
O yaşıl çəməndən gül istəyirəm!

Tanrım mənə ilham verdi dünyada,
Bundan başqa heç nə düşmədi yada.
Qəmim bu dünyada ruzim olsa da,
Dərdimi çəkməyə il istəyirəm!

Sevdin sən Vətəni, sevən ürəksən,
Loğman yaranmısan, bizə gərəksən.
Zərifə, seçmərəm səni Mələkdən,
Bir Mələk baxışlı göz istəyirəm!

Mavi səmalardan enən Mələksən,
Əsir Kəlbəcərin dağında bitdin.
Allahın verdiyin sən ayan etdin,
Həmin o dağlardan gül istəyirəm!

Ürəkdən inanır səni görənlər,
Dərdini götürüb, yanına gələr.
İmkansız adamlar bir çarə dilər,
Dərdimə şəfalı əl istəyirəm!

O gülər üzünü görəndən bəri,
Gecələr yuxuda görürəm səni.
Ürəyim çırpınıb qovlayar qəmi,
Arzuma çatmağa gün istəyirəm!

Elin mərd qızı tək dillərdə qaldın,
Kəlbəcər dağında güllərdə qaldın.
Özün bir müqəddəs xanımlıq aldın,
O yerdən, o eldən gül istəyirəm!


Gözəl Kəlbəcərin yağı əlində,
Qüssəyə qərq olub Cıdır düzün də.
Gülləri oxşayan tuti dilində,
Şikəstə ağlayan dil istəyirəm!

Bəlkə unudublar el havasını,
Bağçada bülbülün xoş nəvasını.
Bu əsir yurdumun tutun yasını,
Vətəndən yağını yox istəyirəm!

Əsərdi o bağda Samur yelləri,
Qopardı, apardı qönçə gülləri.
Yağılar tapdağı olan elləri,
Samur yellərindən gül istəyirəm!

Gör nələr söyləyir kamanın səsi,
Həbibə səsləyir qəm təranəsi.
Zərifə, çağlayır kamanın səsi,
O kaman səsindən tel istəyirəm!

Həbibə Əhmədzadə
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.