GameWin

Leyla xanım - "ƏSİR YURDUN MƏLƏK QIZI ZƏRİFƏ" şeiri
ƏSİR YURDUN MƏLƏK QIZI ZƏRİFƏ
Aləmə səs saldı gülü, çiçəyi,
Dərdlərə dərmandı hər bir ləçəyi.
Torpaq bərəkətli, suyu tərtəmiz,
Daim halal olub duzu-çörəyi!

Ucalıb Şahdağdan Dəlidağadək,
Tərtərin büllurtək suyun içibdi.
Qartallar uçurub zirvələrindən,
Bacım bu müqəddəs yurddan keçibdi!

Mən ellər dayağı deyirəm ona,
Millətin dərdinə dərman olubdu.
Xalqın yaddaşında Allah vergili,
Seyid yadigarı kimi qalıbdı!

Bacım, çox sirlidir şəfalı əlin,
Hamıya can verən şirin əməlin.
Xəstəyə qayğılı, millətə məlhəm,
Yaradan pay verib səni, Zərifəm!

Torpağı Kəlbəcər, yurdu əsirdi,
Gözü də, əli də xalqa səbirdi.
Bacım həsrət qalıb öz torpağına,
Bu gün gendən baxır doğma yurduna!

Mənim zərif bacım, Zərifə bacım,
Kəlbəcər yurdunda bir qeyrət tacım.
Bu ömür möhnəti sayına düşüb,
Çox ağır bir zəhmət payına düşüb!

Torpağı itirmək, yurdu itirmək,
Bilirəm dəhşətdi, yaman acıdı.
Bu gün bu torpaqda bilin hamıya,
Zərifə anadı, doğma bacıdı!

Şəfa mələyidir ikinci adın,
İntizar baxışın ora boylanır.
Bir müqəddəs ocaq, müqəddəs torpaq,
Doğma balasını bu gün haylayır!

Seyidlərin doğma ocağına sən,
Bu gün gendən baxıb gözün dolmasın.
O gözdə Allahın şəfası vardır,
Bu millət şəfalı əlsiz qalmasın!

Səsin məlahətli,zərifsən özün,
Xəstəyə dərmandı, məlhəmdi gözün.
Qapına imdada gələnlərə də,
Ümiddən pay verib söhbətin, sözün!

Körpə uşaqlara ana olmusan,
Yaşlı adamlara dayaq, Zərifə.
Qaranlıq ünvana işıq salmısan,
Gecəli-gündüzlü oyaq,Zərifə!

Bir arzu içimi göynədir bu gün,
Əsir torpağımız tez azad ola.
Kəlbəcər yurdunda, müqəddəs yerdə,
Şəfa Mələyinə heykəl ucala!

Leyla xanım
Yazan: admin Baxış: 552 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0