GameWin

Huseynova Mefkure

İLAHİ VERGİLİ TƏBİB

Azərbaycanda “Rentgen qadın” kimi tanınan, nurlu gözləri, qüdrətli əlləri ilə insanlara şəfa verərək onlara sonsuz sevinc bəxş edən ilahi vergili bir xanımdan söhbət açmaq istəyirəm. O xanımdan ki, ünvanına üz tutanların qəlbində ümid qığılcımları yaratmağı bacarır, hətta həkimlərin qarşısında aciz qaldığı ən ağır xəstələri sağaltmaqla əsl möcüzə sahibi olduğunu sübut edir.

...Zərifə xanımın valideynləri ilə görüşmək üçün Xanlar rayonuna getmişdim. Onun atası, inanılmış seyid Yaqub ağa ilə, üzündən nur yağan anası Bilqeyis xanımla görüşdüm. İlahi qüvvəyə malik olan bu insanların nə qədər mehriban, qonaqpərvər olduqlarını öz gözlərimlə gördüm. Anası mənə lap ürəkdən bağlandı, doğmalaşdıq. Belə bir müqəddəs ocaqda doğulan, saf insanların əhatəsində böyüyən Zərifə xanımın möcüzələrini təbii qarşıladım. Düşündüm ki, bu, Ulu Yaradanın onun dərgahına tapınan sevdiyi bəndələrinə bəxşişidir, töhfəsidir.

 Mayılova Zərifə Yaqub qızı 1959-cu il dekabrın 19-da Kəlbəcər rayonunun Kilsə kəndində məhz belə bir ailədə anadan olub. Nəsil şəcərəsi əsil-nəcabətli islam dininin müqəddəs şəxsiyyətlərindən imam Museyi Kazımdan (ə.s) başlayır. Bunu ailədə saxlanan tarixi sənədlər də təsdiqləyir. Babası Miskin kişi fitri istedada malik ağır bir seyid olub. Onda da xəstələri xalq təbabəti üsulları ilə müalicə etmə qabiliyyəti olmuşdur. Ona qabaqcadan məlumat verilib ki, onun bir qız nəvəsi dünyaya gələcək və özünün qeyri-adi bacarığı ilə Azərbaycanı bütün dünyada tanıdacaq. Ona görə də Miskin kişinin qızı Bilqeyis xanım balaca Zərifəsini xüsusi olaraq qoruyub. Hələ balaca ikən Zərifə bütün kənd camaatının sevimlisinə çevrilib.

Z.Mayılova 9 yaşında 12 günlük ilahi yuxu keçirəndən sonra onda insanın daxilini görmə qabiliyyəti yaranıb. O, insanın daxilindəki xəstəlikləri ən müasir tibbi cihazlardan daha dəqiq müəyyən etməklə sağaltmağı da bacarır. Z.Mayılova 80 adda xəstəliyi preparatsız müalicə edə bilir.

Zərifə xanım rüsxətsiz heç bir fikir söyləmir, heç bir xəstəliyin adını demir, müalicə etmir... Bu rüsxəti o haradan, kimdən istəyir? Ən nəhayət, ona rüsxət, sakitlik və kamil bilik verən hansı qüvvədir? Qəribədir ki, bu proses qısa bir vaxt ərzində ötüb keçir, o sanki yenidən bu aləmə qayıdır. Zərifə xanım qaranlıq otaqda bir neçə saniyə ərzində , 3-4 metr məsafədən baxmaqla xəstəsini müayinə edir və bundan sonra əldə edilmiş məlumatı kompüter kimi beynində təhlil edərək ona diaqnoz qoyur. Xəstəliyin tarixini, fizionomiyasını və digər təfərrüatlarını asanlıqla müəyyən edir. Bəzən o, xəstəni müalicəyə götürmür və bildirir ki, rüsxəti icazə vermir.

İçəri daxil olan xəstənin dini mənsubiyyətini və Yaradana inamını belə təyin edə bilir.

Uzaq məsafədə olan şəxsin orqanizmini biostimulə etmə qabiliyyəti heç bir elmi kəşf ilə sübut edilə bilməz. Gələcəkdə Zərifə xanımın köməyi ilə elmi tədqiqat işləri apararaq yeni cihaz və qurğular yaratmaq istiqamətində addımlar atılması Azərbaycana böyük xeyir verə bilər.

Zərifə xanım öz kimliyini sübut etmək üçün Beynəlxalq Təşkilatların Alternativ Tibb sahəsindəki konfrans və simpoziumlarda iştirak edib və həmişə birincilik qazanıb. Dünyanın bir çox ölkələrində tanınan, Almaniya alimləri tərəfindən “Rentgen qadın” titulu verilən bu ismətli Azərbaycan qadını başqa ölkələrdə işləmək üçün dəfələrlə dəvətlər alıb. Ona xüsusi təyyarə, villalar, fəaliyyət üçün hər cür şərait vəd edilib.

Qohum-qardaşları qaçqın düşüb, babalarının qəbri Kəlbəcərdə olan bu nəslin arzusu yenidən öz torpaqlarına qayıdıb babalarının qəbirlərini ziyarət etmək, öz halal torpaqlarında yaşamaqdır.

Özünün 2 övladı, bir nəvəsi var. Lakin dünyada çox nəvəsi olan nənədir. Ona Tanrı tərəfindən verilən müayinə və müalicə qabiliyyəti nəticəsində 22 ilə qədər uşağı olmayan ailələrə sevinc bəxş edib və onlarla yeni doğulan qız uşaqlarına Zərifə adı verilib.

Xeyriyyəçi kimi də fəaliyyət göstərən Zərifə xanımın ən üstün cəhəti reklamdan uzaq olmasıdır. Taleyin sərt sınaqlarına düçar olan neçə məcburi köçkün, nə qədər şəhid ailələri, kimsəsiz uşaqlar onun yardımından təsəlli tapırlar. Əsgərlərə zəruri yardımlar etmiş, Kəlbəcər qaçqını olan iki gəncin toy xərcini ödəmiş, bir imkansız ailənin iki övladının təhsil xərcini öhdəsinə götürmüşdür.

Gəncədə sosial təminatla yaşayanlara, Kəlbəcərin işğalı zamanı ata-anasını itirmiş 30 ailəyə sənədlər əsasında etdiyi yardımların heç biri kütləvi informasiya vasitələrində işıqlandırılmamışdır. Zərifə xanıma görə, xeyirxah əməlin gizli qalması Allah-təalanın ən çox bəyəndiyi əməllərdəndir.

ABŞ, Macarıstan, Rusiya Alternativ Tibb Akademiyalarının akademiki, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, fəxri doktoru adına layiq görülüb. Azərbaycanda isə onun əməyi Yusif Məmmədəliyev adına medal və pul mükafatı, 100-dən çox diplomla, o cümlədən “Dədə Qorqud”, “El Atası”, “İlin Təbibi”, “Zərifə Əliyeva”, “Simurq” Milli Mükafatı, “Qarabağ” media mükafatı ilə qiymətləndirilib.

İlahi vergili bu xanımın görmə qabiliyyətinin adamı necə heyrətə gətirdiyinin dəfələrlə şahidi olmuşam. Həyat yoldaşım Yaşar müəllim 1995-ci ilin fevralından kəskin mədə ağrısından əziyyət çəkirdi. Aldığı müalicələr heç bir effekt verməmişdi, ağrılarının dayanmaması bizi sıxır, bütün ailə üzvlərini bədbinləşdirirdi. Mart ayının 24-də qastroskopiyanın nəticəsi məlum oldu və xəstəyə “mədə xorası və stenoz” diaqnozu qoyuldu. Həkimlər 7 gün ərzində təcili cərrahiyyə əməliyyatı aparmaq qərarına gəldilər. Ömrünün 57-ci baharında səhhətində baş verən bu dəyişikliklər, kəskin mədə ağrıları və həkimlərin son qənaəti onu bərk fikrə salmışdı. Cərrahiyyə əməliyyatı ilə razılaşmırdı.

Yaşar müəllimi çoxdan tanıdığım, Tanrının seçilmiş bəndəsi, qeyri-adi istedadını müqəddəs işlərə yönəldən Zərifə xanımın yanına apardıq. Dəqiq diaqnozunu söyləməsi, mədəsinə aparat salınmasını və cərrahiyyə əməliyyatının təklif edilməsini dedikdə onun ilahi vergili olmasına heç bir şəkk-şübhəmiz qalmadı, yüksək hissiyyat və duyum qabiliyyətinə bir daha heyran olduq. Cəmi 3 seans müalicədən sonra özünü son dərəcə yaxşı hiss etdi, bütün ağrıları yoxa çıxdı, pəhrizdən aralandı. Lakin Zərifə xanımın məsləhəti ilə 15 gündən sonra bir seans da aldı. Artıq heç bir ağrıdan şikayətlənmir, istədiyi qidanı qəbul edir. Onu bu bəladan qurtardığı üçün Zərifə xanıma həmişə minnətdardır.

Elə mən özüm də, ailə üzvlərim də, iş yoldaşlarım da onun daxili görən gözlərindən, ovsunlu əllərindən dəfələrlə şəfa tapmışıq.

Böyrəklərimin hər ikisində kista var idi. Çox əziyyət çəkirdim. Zərifə xanımın müalicəsi sayəsində kistaların əridiyini müayinə zamanı görən həkimlər də çox təəccübləndilər.

Avtomobil qəzasına düşərək ağır xəsarət almışdım. Xəstəxanaya getməkdən imtina etdim. Yenə Zərifə xanımın müalicəsi ilə bu ağır vəziyyətdən qurtardım, ayağa qalxdım.

Ürək xəstəliyindən də ilahi qüvvəli xanımın əli ilə şəfa tapdım.

Nəvəm Rəşad yaş yarımında olanda möhkəm xəstələnmişdi. Həkimlər uşağın yaşamasına ümid olmadığını deyirdilər. Onu da Zərifə xanımın yanına gətirdim. Birdən uşağı əlimizdən alıb dedi ki, mənə Allah tərəfindən rüsxət gəldi, onu sağaldacağam. Həqiqətən də 20 dəqiqə müddətində əllərinin vasitəsilə körpəni oyada bildi. İndi nəvəmin 17 yaşı var, İngiltərədə təhsil alır.

Qızım Aygünün (həkimdir) oğlan uşaqlarının tələf olması bizi sarsıtmışdı. Zərifə xanımın nəzarəti altında oğlu oldu, hal-hazırda 16 yaşlı həmin nəvəm çox sağlamdır.

İş yoldaşım Arzu Mirzəyevanın Lənkəranda yaşayan bacısının 9 ildir ki, övladı olmurdu. Ayrı-ayrı həkimlərə müraciət etsə də, müalicə alsa da nəticəsi olmamışdı. O məndən xahiş etdi ki, bacısını Zərifə xanımın yanına aparım. Zərifə Mayılovanın qüdrətli əlinin gücü ilə qadının analıq həsrətinə son qoyuldu. İndi övladı böyüyərək 17 yaşa çatmışdır.

Zərifə xanım mənimlə birgə çalışan, Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasının dosenti Xuraman xanımın oğlunu zob xəstəliyindən, bacısı Şərqiyyə xanımı mikroinfarktdan, Elmira xanımın anasını şəkərli diabet xəstəliyindən xilas etmişdir.

Mən şəxsən şahid olduğum bir neçə nümunəni sadalamaqla kifayətləndim. Mətbuat səhifələrində də tez-tez Zərifə Mayılovaya ünvanlanan təşəkkür dolu məktubları oxuyuruq. Aynurə Səmədova yazır: “Yeganə oğlum Eyyub məktəbdən, sinif yoldaşlarından ayrı düşdü. Ağır xəstəlik onu yaman yerdə yaxaladı. Cəld, çevik, idmana böyük marağı olan balam hərəkətsiz qaldı... Bir ildən çox İranla Bakı arasında qaldıq... Təsadüfən internetdən ilahi vergili Zərifə Mayılova haqqında məlumatı oxuyan bir tanışımız bizə onun yanına getməyi məsləhət gördü.... Oğlum Eyyub onu bu sağalmaz bəladan qurtaran Zərifə xanımın yanına özü yeriyə-yeriyə gedə bildi. Salam verib ürək sözlərini dedi. O gün mən özümü çox xoşbəxt bir ana hesab etdim. Doğrudan da bala baldan şirindir”.

 “Beş il boş beşiyə baxdıqlarını” yazan Tünzalə Səmədova indi bir qız, bir oğul anası olmasından, qızının Zərifə xanımın adını daşımasından məmnunluqla söhbət açır. Arzu Nağızadə süd vəzlərindəki şişləri əritdiyinə, Əsmər Abdullayeva isə 20 illik övlad həsrətinə son qoyduğuna görə Zərifə xanıma təşəkkürünü çatdırır. Bir vaxtlar Zərifə xanımın yanına xəstələr gətirdiyini deyən həkim Rəsitə Fətəliyeva sonra özünün də ona müraciət etməli olduğunu gizlətmir.

100-lərlə insanı ağır xəstəliklərdən qurtaran bu xanımı sevdirən keyfiyyətlərdən bəlkə də birincisi qəbuluna gələnlərlə ünsiyyət qurmaq məharətidir, hər kəsin ürəyinə yol tapmaq qabiliyyətidir. Şübhə yoxdur ki, ona genlə, Allahın rüsxəti ilə keçən bu yüksək qabiliyyəti akademik A.Hüseynov belə dəyərləndirir: “Zərifə xanım ədəbi dildə gözəl danışmağı ilə adamları məftun edir, o nə çoxlu kitab oxumuş, nə də müxtəlif ölkələr gəzmişdir. Lakin onunla danışanda elə bilirsən ki, qarşındakı böyük bir elm adamıdır... ...Zərifə xanım tamamilə öyrənilməmiş, kəşf edilməmiş ilahi vergili bir tapıntıdır. Yağan yağmurlardan, çaxan şimşəklərdən başını götürən zaman selinin ağuşuna atılıb və sel günlərin birində onu Bakı şəhərinə gətirib çıxarıb. Zərifə xanımı öyrənmək üçün onun qapısına gəlmək kifayətdir. Bura həmişə nigaran baxışlı xəstələrlə dolu olur. Bu, ümid qapısıdır. Hərə öz dərdini götürüb bu qapıya yan alır. Təbiət sərt üzünü göstərəndə də burada sakitlik görməzsən.Bəs nədir Zərifə xanımdakı bu cazibə qüvvəsi? Uzaq-uzaq şəhərlərdən, kəndlərdən onun qapısına yol alan maşın karvanlarını bu qədər məsafəni qət edib bu qapıya gətirən hansı qüvvədir?

Bu suallara yalnız Zərifə xanımın çoxcəhətli möcüzələr dünyası cavab verir. Zərifə xanımı elə adilikdən aliliyə qaldıran da bu möcüzələr dünyasının sirləridir”

Bunu da qeyd etmək istəyirəm ki, Zərifə xanım çoxunun düşündüyü kimi exstrasens deyil. Ekstrasenslər müəyyən məsafədən bioloji sahə yaradaraq müalicə edirlərsə, Zərifə xanım xəstəyə bilavasitə toxunma üsulu ilə müalicə edir.

Onun gözlərindəki daxili görmə şüaları (başqa nə ad vermək olar?) və əllərindəki qüdrət ilahi qüvvənin təzahürüdür. Bu ilahi qüvvədən təkcə bizim ailəyə deyil, bütün insanlara sağlamlıq bəxş edən Zərifə xanıma dərin minnətdarlığımızı bildirir, ona can sağlığı, uzun ömür arzulayırıq. O fikirdəyik ki, Tanrının verdiyi enerjini insanların sağlamlığına, həyatımızı xəstəliklərdən xilas etməyə xərcləyən ilahi vergili təbibə normal iş şərait yaradılmalıdır. Onun əməyinin layiqincə qiymətləndirilməsi Allaha da, ağzı xeyir-dualı bəndələrə də xoş gələr.

Məfkurə HÜSEYNOVA,

ATU-nun Azərbaycan dili kafedrasının dosenti

Yazan: admin Baxış: 331 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0