GameWin

Rəhilə Əliyeva

“ZƏRİFƏ MAYILOVA” KOMPLEMENTAR VƏ ALTERNATİV 

ELMİ-TƏDQİQAT TİBB MƏRKƏZİ YARADILMALIDIR

 

 1981-ci ilin payızı idi. Kəlbəcər rayon yerli radio verilişləri redaksiyasında çalışırdım. O vaxtlar rayon partiya komitəsinin katibi işləyən Səyyarə xanımla birlikdə tez-tez kəndlərə gedir, kolxozçuların vəziyyəti, ehtiyacları ilə tanış olurduq. Bu dəfə də yolumuz Kilsə kəndinə idi. Kəndin girəcəyində bizi qarşılayan kolxoz sədri maşınımıza əyləşdi. Yaxınlıqdakı kolxoz idarəsinə yollandıq. Kənddəki evlərin birinin yanından keçdikdə sürücü kolxoz sədrindən kənddə baş vermiş hansısa möcüzə, bu hadisənin doğruluğu haqqında soruşdu. O da bunun doğru olduğunu, meşədən kəndə gələn yanı balalı ceyranı cavanların ov tüfəngilə vurmaq istəyərkən, ana ceyranın meşəyə qaçmasını, bala ceyranın isə anasından əks tərəfə qaçaraq, orada olan Seyid Miskin ağanın nəvəsi Zərifənin sinəsinə qısılmasının şahidi olduğunu, bütün bunların kənd camaatının gözləri qarşısında  baş verdiyini söylədi. O vaxtlar bu hadisə məndə böyük maraq doğurmuşdu. 

Yadıma bir hadisə də düşdü. İbtidai sinifdə oxuyurdum. Atam günlərin birində işdən evə gəlib, bizə maraqlı bir hadisə haqqında danışdı. Dedi ki,  Kilsə kəndində bir qız yaşayır, otaqda oturub divarın o üzündə nə baş verdiyini görür. Mən ondan kəndin harada olduğunu soruşduqda dedi ki, həmin kənd nənən Zərnigarın (atamın anası) doğulduğu kənddir.  

Mən ailə həyatı qurub, Bakı şəhərinə gəldim. Uzun sürməyən ailə xoşbəxtliyimi faciə əvəz etdi. Dərd üstünə gələn dərd, həyatda üzləşdiyim haqsızlıqlar, vətən, bacı-qardaş itkisi, tək ana olaraq övlad böyütmək zərif adlandırılan qadın çiyinlərimə düşdü. Beləcə, səhərlər işə gedib, axşamlarsa evə qayıdarkən,  illər də öz işini görürmüş kimi, sanki bir anda ötüb keçdi. Ömrün müdrik çağına illərdən bəri yığılıb bu günkü günümə yadigar qalmış xəstəliklərlə daxil oldum. Problemlərin çoxluğu səhhətimə fikir verməyə imkan verməmişdi. Elə hey deyirdim ki, bu işi görüm, sonra həkimə gedərəm. Xəstəliyim isə gündən-günə ağırlaşırdı. 

İdarə rəisimiz Rafiq Ramazanov mənə və iş yoldaşım Mehparə xanıma Zərifə xanımın yanına getməyi məsləhət gördü. Onun Zərifə xanım haqqında danışdığı hadisələr sanki möcüzə idi. Allahdan Rafiq müəllimə bu xeyirxahlığına görə can sağlığı arzulayıram. Beləliklə, maraq içində xanımın yanına getməyə qərar verdik. 

Zərifə xanımın qəbuluna ilk öncə Mehparə xanım getdi. Ertəsi gün isə mən də onunla getdim. Gözləmə otağına daxil olduqda, sanki doğma bir evdə olduğumu hiss etdim. Adam çox idi. Oturub gözləməyə başladıq. İçim nə isə anlaşılmaz hisslərlə dolurdu. Otağa əldə toxunmuş xalça salınmışdı, fikirləşdim ki, yəqin biz tərəflərdə toxunmuş xalçalara bənzədiyindən məndə belə bir hiss yarandı. Bir müddətdən sonra xoş bir rayihə içində olduğumu hiss etdim. Etiraf edirəm ki, qəlbimə hopan bu duyğuları, əsəblərimi sakitləşdirən bu hissləri ancaq uşaqlıq illərimdə, rayonda olarkən yaşamışdım. Yaşımın elə bir çağındayam ki, məni adi bir şeylə təəccübləndirmək o qədər də asan deyil. Ancaq hiss edirdim ki, bura nə isə qeyri-adi bir yerdir. Bunun səbəbini anlamaq istəyərkən, sanki daxilimdə bir səs məni sakitləşdirir, deyirdi ki, rahat ol, bura doğma yerdir, təlaşa ehtiyac yoxdur. Gecələri narahat yatan, gündüzlər isə yatmağın nə olduğunu bilməyən mən, indi yatmaq istəyirdim. Xoş duyğular içində, növbəmin çatdığını, köməkçi qızın məni çağırdığını eşitdim. 

 Otağa daxil olduqda, üzündə rübənd, doğma gözləri ilə mənə baxan həmvətənimlə görüşdüm. Aman Allah, bu nə xoş hisslər idi daxilimdə. Elə hey bu gözlərə baxmaq, baxışlardakı mənaları anlamaq istəyərkən, xanım “ayağa dur, sənə baxım”, dedikdə sanki yuxudan ayıldım. Müayinəyə gəldiyimi unutmuşdum. Məni qaranlıq otaqda ani olaraq gözdən keçirtdikdən sonra 25 il əvvəl keçirdiyim xəstəliyim haqqında məlumat verdi. Dediklərinin hamısı düz idi. Ani olaraq sanki yerimdə donub qalmışdım. Bu evə gəldiyimdən müəmmalar bir-birinin ardınca çoxalırdı. Həyatda yaşamış seçilmişlər, fenomenlər haqqında çox eşitmişdim. Allah-Təalanın seçilmişlərə verdiyi vergilərə inanırdım. Məhəmməd peyğəmbər (s.ə.s.) nəslinin davamçıları olan imamların saflığı, xeyirxahlığına nəinki inanırdım, hətta illər uzunu belə şəxslərlə qarşılaşmaq arzusunda olmuşdum. Bu gün qarşılaşdığım fenomen xanımın isə 32 il əvvəl kolxoz sədrinin söylədiyi qız olduğunu başa düşdüm. Çaşqınlıq içində xanımı dinləyir, xəyallar məni uzaqlara – 1981-ci ilin payızına aparırdı. Ancaq bu barədə Zərifə xanıma heç nə deyə bilmədim. Axı, deməyə lüzum da yox idi... 

 Əziz bacım, doğma Kəlbəcərimin fəxri Zərifə xanım, nurlu baxışlarınız, şəfalı əlləriniz sayəsində sağlamlığıma qovuşdum. Deyirlər ki, qələmin yaraşığı həqiqətdir. Bu həqiqəti görüb, dərk edib yazmamaq isə ən böyük günahdır. Məni bu yazını yazmağa Sizin hələ öyrənilməmiş ilahi bir vergi olmağınız, savadlı nitq mədəniyyətiniz, yüksək təfəkkürə, geniş intellektə, heyrətamiz tibbi biliklərə malik qeyri-adi fitri istedadınız sövq etdi. 

Oxuculara demək istəyirəm ki, Zərifə xanımın yanında olarkən şahidi oldum ki, Tanrının insanlara sevinc payı, əvəzsiz bəxşişi olan bu xanım, qaranlıq otaqda insanların daxili orqanlarını, geyimlərini çıxarmadan 4-5 metrlik məsafədən işığı söndürməklə ovcunun içi kimi görərək, rentgen və "USM" aparatının tapa bilmədiyi xəstəlikləri saniyələr ərzində aşkar edir, dəqiq diaqnoz qoyur, qarşısında tibb elminin aciz qaldığı, cərrahiyyə əməliyyatı ilə belə aradan qaldırılması mümkün olmayan xəstəlikləri möcüzəli gözləri və şəfalı əlləri ilə qısa müddətdə müalicə edir.

Xarici ölkələrdən, şəhərlərdən, rayonlardan, kəndlərdən yaşamaqdan əli üzülən yüzlərlə xəstə bu müqəddəs ocağa üz tutur. Danılmaz həqiqətdir ki, həkimlərin xəstənin sağalacağına daha ümid işığı qalmadığını dedikləri halda, Zərifə xanımın ilahi enerji saçan möcüzəli əlləri onları sağaldıbdır. İnsanın anatomik-fizioloji quruluşunu incəliklərinə qədər bilən xanım beyin, ürək, böyrək, qara ciyər, fibroma, kista, öd, mədə-bağırsaq və s. xəstəlikləri cəmi 3 seans ərzində şəfalı əlləri və möcüzəli baxışları ilə sağaldır. 

İlahi vergili Zərifə xanımın müqəddəs ocağı həm də saflığın özəyi olan inam mənbəyidir. Bu ocağa gələnlər həm də mənəvi cəhətdən saflaşırlar.          

Möcüzələr dəryası olan Zərifə xanım şəhid, qaçqın ailələrinin, tənha qocaların, atılmış uşaqların ilahi vergi nuruna bürünən pənahıdır. O, ümidsizlərə ümid, çarəsizlərə sakitlik təlqin edən nurlu gözləri ilə tibb elminin bütün sirlərini, hətta elmə məlum olmayan sahələrini də bilir. Fəaliyyətilə dünya alimlərini heyrətləndirərək, uzaq məsafələrdə baş verən hadisələri, eyni zamanda, həm də hər bir xəstənin maddi vəziyyətini, onun insani keyfiyyətini də hiss edir. 

Dünyada analoqu olmayan Zərifə xanım milliyyətindən və dinindən asılı olmayaraq hamını müalicə edir. Deyir ki, "Allah hamı üçün birdir–mənim bacarığıma inanmayanları da müalicə edə bilərəm, amma Allaha inanmayanları – heç vaxt”.              

Baxışı və şəfalı qabiliyyəti ilə Azərbaycanımızın möcüzəli həqiqəti olan Zərifə xanım haqqında çox yazılıb. Sehirli barmaqlarının istisindən, nur dolu gözlərinin ecazkar qüdrətindən şəfa tapan alimlər, universitet müəllimləri, sadə insanlar Zərifə xanıma məktublar yazaraq ona öz dərin minnətdarlıqlarını bildirir, möhkəm can sağlığı, səadət və uzun ömür arzulayırlar!

Çox təəssüf ki, minlərlə qəzet məqalələri, çoxlu kitablar onun fəaliyyətini işıqlandırsa da bu şəfa mələyinin fəaliyyətinin kompleks tədqiqi indiyədək aparılmamışdır. Arzu edirəm ki, bizi dünyaya tanıda biləcək Zərifə Mayılova fenomeninin fəaliyyəti elm adamları tərəfindən öyrənilərək, ilahi vergili nadir istedada layiq olduğu ən yüksək qiymət – Nobel mükafatı verilsin. 

Şübhəsiz, bunun üçün də Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun əməkdaşı, biologiya elmləri namizədi Nizami Rzayevin qeyd etdiyi kimi, “Yaradanın Azərbaycan xalqına bəxş etdiyi bioloji və mənəvi xüsusiyyətləri ilə digər insanlardan “seçilmiş” Zərifə xanım Mayılovanın tibbi qabiliyyətini azərbaycanlıların sağlamlığının qorunması istiqaməti, əhalinin artımının təmin edilməsi, sosial-psixoloji durumunun yaxşılaşdırılması, bədəninin ümumi müqaviməti zəifləyən orta və yaşlı nəslin əmək qabiliyyətinin bərpası, müasir təbabətdə müalicəedilməz xəstəliklərin siyahısına daxil olan bəzi xəstəliklərin müalicəsi üçün dövlət əhəmiyyətli “ZƏRİFƏ MAYILOVA” KOMPLEMENTAR VƏ ALTERNATİV  ELMİ-TƏDQİQAT TİBB  MƏRKƏZİ  yaratmağa ehtiyac vardır”.

      

                                                                    Hörmətlə: Rəhilə Əliyeva

Yeni Yasamal 2, ev 8,mənzil 77

                                                                    (055) 881-74-33

 

Yazan: admin Baxış: 409 Kateqoriya: Tibbi izahatlar Şərh: 0
Şərhlər: 0