GameWin

İdris Kəlbəcərli - "MİN MƏNALI HEKAYƏTDİ ZƏRİFƏ" şeiri
MİN MƏNALI HEKAYƏTDİ ZƏRİFƏ
İnsan üzərində möcüzələr yaradan Zərifə xanıma ithaf edirəm

Yarəb, sənin dərgahına min şükür,
Qayıbdan dörd ünsür gətirdin cana.
Adəmi, Həvvanı sakin eylədin,
Dünyanı bəxş etdin insan oğluna.

Yüz iyirmi dörd min Nəbi yaratdın,
Əvvəl Adəm ata, sonu Məhəmməd.
Qurani-Kərimlə, dini-islamla,
Fəth eylədi bu dünyanı Məhəmməd.

Övladı Məhəmməd — Fatimeyi-Zəhra,
On bir imamların anasıydı O.
Xanımlar xanımı nur-paki xilqət,
Mərhəmət, mürüvvət oynağıydı  O.

Əcdadı pir, seyid, onun fəhmindən,
Zərifə xanımın qəlbinə keçib.
Fatimə içdiyi Abu-Zəmzəmdən,
Yuxuda bir cam da Zərifə içib.

Dünyaya göz açıb Cənnət diyarda,
Kəlbəcərdə ağır ellər içində.
Gül-gülü çağırır, çiçək-çiçəyi,
Bir nadir gül bitib güllər içində.

Süsənbər səfalı, ənbər havalı,
Müqəddəs ocaqda ərsəyə çatıb.
Qüdrətin hökmüylə loğman məqamə,
Belə bir sehrli kürsüyə çatıb.

Peyğəmbər əcdadı Seyid Misginin,
Xalqa çatan bir tağıdı Zərifə.
İlahinin pak, müqəddəs, vergili,
Möcüzələr ocağıdı Zərifə.

Yaradanın peşkəşidi gözləri,
İnsan daxilini arayır, seçir.
Bir dəfə zənn ilə diqqət edincə,
Nəzəri örtülü pərdədən keçir.

Toxunduqca cana gəlir cansızlar,
Məlhəm vardır möcüzəli əlində.
Danışığı qəflət, sözləri şirin,
Məlahət var, nəzakət var dilində.

Hüzuruna şikəst körpələr gəlir,
Yalvarış nəzərlə baxırlar sənə.
Xəstə gəlib, sağlam qayıdanların,
Hamı heyran qalır haqq olduğuna.

Sonsuz ailələr murada çatır,
Zərifə xanımın möcüzəsilə.
Körpələr bəxş edir, körpəsizlərə,
Cənabı Həzrətin icazəsilə.

Bəxş edib xalqıma Sahibi-Qüdrət,
Bir ləyaqət əyanətdən Zərifə.
Bilinməz hikmətdi ondakı vergi,
Qənimətdi, fəzilətdi Zərifə.

Yayılar sorağı düşər dillərə,
Şirin nağıl,xoş söhbətdi Zərifə.
Üzər dəryaları, aşar dağları,
Min mənalı hekayətdi Zərifə.

Başında qara şal, üzündə rübənd,
Gözəl qamətinə yaraşıq verir.
Miyanə baxışı, sərraf gözləri,
Sanki bulud altdan Ay işıq verir.

Dərdini deməmiş fəhmlə bilir,
Hər açılmaz sirrin sirdaşıdı o.
«Min bir gecə»lərin xəzinəsinin,
Qiyməti olmayan bir daşıdı o.

Belə  bir xilqəti təsvir etməyə, 
İdrisin qələmi acizdi, vallah.
Bu sirlər xəznəsin, el şəfakarın,
Yar olsun, salamat saxlasın Allah!

İdris Kəlbəcərli
Yazan: admin Baxış: 754 Kateqoriya: Şerlər Şərh: 0
Şərhlər: 0